Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov iyun ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, iyun ayının 2-də Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləri ilə səyyar qəbul keçirdi. Səyyar qəbul - görüşdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayon prokuroru Əvəz Əliyev, Xocalı Rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində şöbə müdirinin müavini Bəxtiyar Allahverdiyev və sakinlər iştirak etdilər. Əvvəlcə qəsəbədə mövcud olan problemlər və sakinləri narahat edən ümumi məsələlər rayonumuzun icra başçısının diqqətinə çatdırıldı. Ümumi məsələlərdə I Qarabağ müharibəsi nəticəsində milli münaqişə zəminində əlillik pensiyası təyin edilən şəxslərin statusunun Qarabağ müharibəsi əlilliyinə keçid edilməsinə köməklik üçün müraciət olundu. Həmçinin qəsəbədaxili yolların asfaltlanması, küçələrin işıqlandırılması kimi ümumi məsələlər də səsləndirildi. Ümumi məsələlər səsləndikdən sonra problemi olan sakinlər fərdi şəkildə qəbul edildi. Fərdi müraciətlər əsasən, iş ilə təminat, səhiyyə xərcləri, qızının yerli sakinlə nikah bağladığı üçün kəsilmiş vahid aylıq müavinətinin boşandıqdan sonra bərpa edilməsinə köməklik və digər məsələlər barədə oldu. İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərdən həlli mümkün olan məsələlərin yerində həll olunmasına göstəriş verdi, digər məsələlər isə nəzarətə götürüldü.